Azərbaycan FutboluMüsahibə

“Mövqeyimdə rəqabət daha yüksək olduğu üçün digər komandaların heyətində icarə əsasında çıxış edirəm”

Bakı, 24 avqust, Tsport.az

Misli Premyer Liqasının II turunda “Qarabağ” doğma meydanda “Sumqayıt“ı qəbul edib.

Tsport.az xəbər verir ki, 0-1 hesabı ilə başa çatan matçdan sonra “Sumqayıt”ın üzvü Rauf Rüstəmli fikirlərini bizimlə bölüşüb:


– Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ”ın güclü və rəqibsiz oynadığını hamı bilir. Çempionatın ən yaxşı komandasıdır, bunu etiraf etməliyik. Buna baxmayaraq, yaxşı və layiqli mübarizə apardıq, nəticədə isə qələbə qazandıq.

– Oyundan əvvəl “Qarabağ”ın Çempionlar Liqasına vəsiqə qazanacağı matça fukuslanacağı bəlli idi. Bu, sizə əlavə motivasiya verdi?
– Açığı, biz bunu düşünmürdük. “Qarabağ”ın səviyyəsi bəllidir. Oyun öncəsi mövqelər bizim üçün fərq etmirdi – istər birinci, istər ikinci yer olsun. Biz onsuz da “Qarabağ”la ciddi oyun üçün hazırlaşmışdıq. Əlavə motivasiyaya ehtiyac yox idi.

– Mövsüm sonuna doğru hədəfləriniz nələrdir?
– Mövsümün sonuna qədər əsas hədəfimiz turnir cədvəlində daha yaxşı, daha yüksək pillədə mövsümü başa vurmaqdır. İki oyunda iki qələbə bizim üçün çox yaxşı nəticədir. Qarşıda son oyunumuz qalıb – “Şamaxı” ilə, evdə. Həmin oyunu da qələbə ilə başa vurub oktyabr ayına ən yaxşı formada keçmək istəyirik.

– “Sabah”ın futbolçusu olmağınıza baxmayaraq, hər mövsüm demək olar ki, fərqli komandalarda icarədə çıxış edirsiniz. Bu, sizin qərarınızdır, yoxsa klubun?
– Bu, həm klubun, həm də mənim qərarımdır. Mövqeyimdə rəqabət çox olduğuna görə əsas heyətdə daha az şans qazanacağımı bilirəm. Bu səbəbdən başqa komandalarda icarə əsasında oynamağı həm özüm istəyirəm, həm də klubum bunu inkişafım üçün məqsədəuyğun hesab edir. Doğrudur, hər mövsüm yeni komandaya uyğunlaşmaq asan deyil, amma zamanla öyrəşirəm. Sezonun əvvəlindən etibarən çalışıram ki, hər komandada, elə bu dəfə də, özümü göstərə bilim.

– Legioner limitinin ləğvindən sonra futbolçular forma uğrunda daha çox çalışmalıdır. Bu vəziyyətə özünüzü necə hazırlayırsınız?
– Bəli, legioner limiti ləğv olunub. İndi həm yerli, həm də legioner futbolçular hər məşqdə və oyunda maksimum səviyyədə özlərini göstərməlidirlər. Limitin ləğv olunmasına baxmayaraq, məncə, azərbaycanlı futbolçular yenə də öz yerini qoruyur. Və bu, gələcəkdə də belə olacaq. Biz isə hər gün çalışmalı, forma uğrunda mübarizəni davam etdirməliyik.


Bahar Rüstəm