“Müqaviləsi qüvvədə olan bir məşqçinin transfer haqqında düşünməsi peşəkarlıqdan uzaqdır” – Azər Bağırov
Bakı, 22 may, Tsport.az
Misli Premyer Liqasının XXXV turunda “Qarabağ” doğma meydanda “Kəpəz“i qəbul edib. Qarşılaşma 3-0 başa çatıb.
Tsport.az xəbər verir ki, bu məğlubiyyətə baxmayaraq, komanda mövsümü 8-ci yerdə tamamlamağı bacarıb. Komandanın baş məşqçisi Azər Bağırov mövsümdəki çıxışlarını ümumi olaraq, dəyərləndirib: “Çempionatın ümumi nəticələrini qənaətbəxş hesab edirəm. Sezonun xüsusilə 3-cü və 4-cü dövrlərində komandamız daha inamlı çıxış etdi. “Sumqayıt”, “Səbail” və “Şamaxı” ilə səfər oyunları istisna olmaqla, demək olar ki, hər qarşılaşmada stabil və uğurlu oyun sərgilədik. Əgər həmin səfər oyunlarından da vacib xallar qazana bilsəydik, bu gün turnir cədvəlində 7-ci yerdə qərarlaşa bilərdik. Lakin ümumilikdə mövsüm istədiyimiz kimi alındı”.
Mövsüm üçün əsas məqsədin Premyer Liqada qalmaq olduğunu bildirən çalışdırıcı, bu məqsədlərinə çatdıqlarını bildirib: “Rəhbərlik qarşısında əsas hədəf – Premyer Liqada qalmaq tapşırığı qoyulmuşdu. Bu məqsədə sona üç tur qalmış çatmağımız komanda daxilində böyük sevinc yaratdı. Artıq daha yüksək pillələr uğrunda mübarizənin də klub tərəfindən dəyərləndirilməsi motivasiyamızı artırır”.
Azər Bağırov adının klublarla hallanması ilə bağlı: “Hazırda klubla 1+1 illik müqaviləm var və buradakı fəaliyyətimdən tam razıyam. Son günlər adımın müxtəlif klublarla hallanmasına baxmayaraq, başqa komandaya keçmək barədə düşünmürəm. Hesab edirəm ki, müqaviləsi qüvvədə olan bir məşqçinin transfer haqqında düşünməsi peşəkarlıqdan uzaqdır. Mən işimə sadiqəm və bütün diqqətimi mövcud klubumda daha böyük uğurlara yönəltmişəm” – deyib.
Bahar Rüstəm