Dünya Futbolu

“Napoli” Osimhen üçün son tarix verdi

Bakı, 18 iyul , Tsport.az 

“Napoli”, Victor Osimhenin “Galatasaray”a transferinin tamamlanması üçün bazar ertəsinə qədər vaxt verib.

Tsport.az xəbər verir ki , “Napoli” ilə “Galatasaray”arasında Osimhenin transferi ilə bağlı aparılan danışıqlarda son mərhələyə gəlinib. Ötən mövsümü icarə əsasında “Galatasaray”da keçirən və 41 oyunda 37 qol, 8 assistlə parlayan Nigeriyalı hücumçu üçün A Seriyası təmsilçisi artıq səbrinin sonuna çatıb.

İtaliya mətbuatının məlumatına görə, “Partenopei” “Galatasaray”a bütün sənədləşmə işlərini tamamlaması üçün bazar ertəsi gününə qədər vaxt verib. Klubun mənbələri həmin tarixdən sonra razılaşmanın qüvvədən düşə biləcəyi barədə xəbərdarlıq ediblər.

İki klub Osimhenin transferi üçün 40 milyon avro nağd və 35 milyon avro taksit şəklində, ümumilikdə 75 milyon avro qarşılığında razılığa gəlib. Taksitli ödənişlərin 2026-cı ilin iyun ayına qədər tamamlanması nəzərdə tutulur.

Danışıqlarda ən çox mübahisə yaradan məsələ isə Osimhenin gələcəkdə başqa bir A Seriyası klubuna transfer olunması ilə bağlı olub. “Napoli”, bu ehtimala qarşı xüsusi bir bəndin müqaviləyə əlavə olunmasını tələb edib. “Galatasaray” isə Osimhenin növbəti iki il ərzində A Seriyası klubuna satılması halında ciddi cərimə maddəsini qəbul edib.

Bu bəndə əsasən, “Galatasaray”futbolçunu A Seriyasına satarsa, “Napoli”yə əlavə ödəniş etməli olacaq.

Transferdən sonra növbəti satışdan əldə ediləcək gəlirin neçə faizi “Napoli”yə veriləcək mövzusu isə danışıqlarda artıq ikinci dərəcəli məsələ kimi qiymətləndirilib. “Napoli”,bu transferdə əsas narahatlığın maliyyə deyil, A Seriyasına satışla bağlı olduğunu və bu səbəbdən həmin maddə üzərində israr etməyəcəklərini bildirib.

Osimhenin nümayəndələri artıq razılaşmanın tez bir zamanda tamamlanmasını istəyirlər. Həm oyunçu, həm də ailəsi İstanbulda yaşamaqdan razı qalıb və karyerasını “Galatasaray”da davam etdirməyə isti baxır.

Əgər tərəflər bazar ertəsinə qədər bütün prosedurları tamamlayarsa, Osimhenin bonservislə “Galatasaray”a keçidi rəsmiləşəcək.

Aytac Mustafayeva