DigərMüsahibə

“Növbəti əsas hədəf dünya çempionatı olacaq”

Bakı, 7 oktyabr, Tsport.az

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

Tsport.az xəbər verir ki, III MDB Oyunlarında cüdoçularımız komanda yarışında 7-4 hesabı ilə Özbəkistanı məğlub edərək, qızıl medal qazanıblar. Mükafatlandırılma mərasimində sonra federasiya rəsmisi fikirlərini bizimlə bölüşüb:

– Bildiyiniz kimi, dünən fərdi yarışlarda 5 qızıl, 7 gümüş və 9 bürünc medal qazandıq. Bu gün çıxış edən idmançılarımızın bir çoxu üçün bu yarış yeniyetmə kateqoriyasında son idi. Gələn ildən onlar artıq gənclər arasında mübarizə aparacaqlar. Dünən onlara yarışdan öncə dedik ki, çıxın və özünüzü göstərin. Onlar da doğrudan da döyüşdülər və nəticədə ümumilikdə qızıl medal qazandıq. Bu nəticəni yaxşı qiymətləndiririk.

– Rəqiblər barədə nə deyə bilərsiniz?

– Rəqiblər kifayət qədər güclü idi. Rusiya komandasının yarımfinalda Özbəkistana uduzması bir qədər sürpriz oldu. Biz finalda Rusiyanı gözləyirdik, amma Özbəkistan da çox güclü idi. Qeyd edim ki, onlar cəmi bir ay əvvəl keçirilən dünya çempionatında 4 qızıl medal əldə etmişdilər və bura da lider komanda kimi gəlmişdilər. Lakin bu yarışda fərdi nəticələrdə cəmi 2 qızıl medal qazana bildilər.

– Növbəti hədəf nə olacaq?

– Bəli, bu gün Perunun paytaxtı Lima şəhərində gənclərin dünya çempionatı başlayıb. Hazırda uşaqlar orada güləşirlər, bir gözümüz ordadır. Yarışa yaxşı başlamışıq. Növbəti əsas hədəf məhz həmin dünya çempionatı olacaq və komanda bu istiqamətdə hazırlıqlarını davam etdirəcək.

– Yeniyetmələr üçün mükafatlandırma nəzərdə tutulub?

– Biz yeniyetmələr kateqoriyasında maddi mükafat nəzərdə tutmuruq. Təbii ki, maddi motivasiya vacibdir, amma federasiyanın konkret qaydaları var. Əsasən Avropa və Dünya Çempionatlarında maddi mükafatlandırma həyata keçirilir. MDB Oyunları kimi multi-idman yarışlarında isə belə mükafatlandırma nəzərdə tutulmayıb. Bu yarışlarda idmançılar əsasən ölkəmizi layiqincə təmsil etməyi motivasiya kimi qəbul etməlidirlər.

– Yarışların təşkilatçılığı barədə fikirləriniz necədir?

– Təşkilatçılıq çox yüksək səviyyədə idi. Təkcə burada – Göygöl Olimpiya İdman Kompleksində deyil, həm də Gəncə İdman Sarayında oldum. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan üçün region səviyyəsində belə yarışın keçirilməsi ilk dəfə idi. Əminəm ki, bu təcrübə gələcəkdə daha böyük yarışların təşkili üçün bir açar rolunu oynayacaq. Həm federasiyalar, həm Gəncə İdman Nazirliyi, həm də “Baku City Circuit” üçün bu yarış faydalı təcrübə oldu.

Bahar Rüstəm