Digər

Nurlan Seytimov: III MDB Oyunlarının açılış mərasimi inanılmaz idi

Bakı, 29 sentyabr, Tsport.az 

III MDB Oyunlarının açılış mərasimi inanılmaz dərəcədə möhtəşəm olub. Bu, təkcə mənim şəxsi fikrim deyil, Gəncə Stadionunda olan hər bir kəsin fikridir. Azərbaycan Respublikasının inkişafının əsas tarixi məqamlarını belə qısa zaman kəsiyinə sığdırmaq və rəngarəng şəkildə tamaşaçılara təqdim etmək əzm tələb edir. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu”.

Tsport.az xəbər verir ki, bu barədə Gəncədə “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclasında iştirak edən MDB baş katibinin müavini Nurlan Seytimov bildirib.

Onun sözlərinə görə, hazırkı oyunların özəlliyi ondan ibarətdir ki, onlar Azərbaycanın bir deyil, yeddi şəhərində keçirilir: “III MDB Oyunları özündən sonra uzun illər ictimaiyyətə xidmət edəcək böyük idman infrastrukturu miras qoyacaqdır. Əlbəttə, bu, həm də Azərbaycanın Oyunların təşkili ilə MDB idman hərəkatına verdiyi böyük töhfədir”.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçirilir: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi.