Azərbaycan FutboluMüsahibə

“O dedi ki, top əlimə dəyməyib” – Toral Bayramov

Bakı,10 sentyabr ,  Tsport.az 

2026-cı ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan millisi Ukrayna ilə ilk matçına çıxıb.

Tsport.az xəbər verir ki, 1-1 başa çatan matçdan sonra millimizin üzvü  Toral Bayramov fikirlərini bizimlə bölüşüb: 

– Məncə, çox da danışmağa ehtiyac yoxdur. Mübarizə apardıq, hər epizodda, meydanın hər yerində vuruşduq. Sonda isə, şükürlər olsun ki, istədiyimiz nəticəni əldə etdik.

*– Bu gün rəqib meydanda sanki motivasiyasız görünürdü. Sizin də fikrinizcə belə idi?*  

– Açığı, mən inanmıram ki, hansısa komanda meydana motivasiyasız çıxsın və ya məğlubiyyət üçün oynasın. Futbol elə bir oyundur ki, kənardan fərqli görünə bilər. Hətta ən zəif rəqib belə meydana ən azı heç-heçə üçün çıxır və sona qədər mübarizə aparır.

*– Oyunun sonlarında üstünlük sizdə idi. Sizcə, ikinci qolu vurmağa nə mane oldu?*  

– Üstünlükdən çox, sadəcə mübarizliyimiz ön plana çıxırdı. Hamı canla-başla oynayırdı. Mən belə görürdüm. Komanda yoldaşım başını rəqibin ayağının altına qoyursa, bu mənim üçün motivasiyadır. Belə epizodlar bizə ruh yüksəkliyi verir.

*– Penalti epizodunda Zinçenko ilə aranızda nə baş verdi?*  

– O dedi ki, top əlinə dəyməyib. Mən də cavab verdim ki, artıq qərar verilib, dəyişməyəcək. Bu qədər.

*– Uzun müddətdən sonra milli komandanı yerli məşqçi çalışdırır. Bu, komandaya necə təsir göstərdi?*

 Əlbəttə, müsbət təsiri oldu. Amma 1-2 günə çox şey demək olmur. Təşəkkür edirəm ki, komandanı toplaya bildi. Bizi düzgün motivasiya etdi. Biz də uşaqlarla birlikdə vuruşduq və istədiyimiz nəticəni qazandıq.

*– Ayxan müəllimlə davamlı işləmək istərdinizmi?*  

– Bu, bizim verə biləcəyimiz qərar deyil.

*– Bu oyundakı nəticə milli komandaya ümid yaratdı. Davamını görə biləcəyikmi?*  

– Düşünürəm ki, bu cür mübarizə göstərmək üçün bir qədər gecikmişdik. Amma vacib anda ayıldıq və toparlandıq. İnşallah, bundan sonra daha yaxşısını göstərəcəyik.

Bahar Rüstəm