Azərbaycan FutboluMüsahibə

“Ölkəmizin bayrağını qaldırmaq möhtəşəm hiss idi” – Zamiq Əliyev

Bakı, 14 may, Tsport.az

Azərbaycan millisinin üzvü Zamiq Əliyev Albaniya Superliqasında çıxış edən “Egnatia” klubu ilə çempion olub.

Tsport.az xəbər verir ki, həlledici matçda Əliyev “Vllaznia” komandasını səfərdə məğlub edib. 21 yaşlı futbolçu çempionluğu belə şərh etdi: “Uzun və ağır keçən mövsümü çempionluqla başa vurmaq və titulumuzu qorumaq bizim üçün əsas hədəf idi. Şükürlər olsun ki, bunu bacardıq. Mənim üçün isə ilk Avropa təcrübəmdə mövsümü iki kubokla başa vurmaq və ölkəmizin bayrağını qaldırmaq möhtəşəm hiss idi”.

O, çempionatın keyfiyyəti haqqında: “Gəərgin mübarizə oldu – istər çempionluq uğrunda, istərsə də aşağı pillələrdə liqada qalmaq uğrunda. Hər kəs bir-birindən xal ala biləcək gücdə idi və biz bunu əyani olaraq gördük. Ona görə də mövsüm çox maraqlı keçdi” – deyib.

Komandasının performasını yaxşı qiymətləndirən Zamiq, 3-cü kuboku finalda itirdikləri üçün təəssülənib: “Klub olaraq performansımız yaxşı idi, bu da nəticələrdən bəllidir. Mövsümü iki kubokla başa vurduq. Bu, üç də ola bilərdi, təəssüf ki, kubokda penaltilərlə məğlub olduq. Amma həm Superkubok, həm də çempionatda qazanılan titullar mövsümün uğurlu keçdiyinin sübutudur. Öz performansıma gəldikdə isə düşünürəm ki, hər şey yaxşı alındı, amma daha da yaxşı ola bilər. Bunun üçün var gücümlə çalışıram”.
Müdafiəçi yeni mövsüm üçün istirahət zamanı filirləşəcək. Başqa klubdan təklif gəlmədiyi müddətdə komandada işinə davam edəcəyini bildirib. Qeyd edib ki, hazırki komandasından mənmundur.

Gələn transfer təklifləri haqqında: “Qış transfer dönəmində bəzi təkliflər var idi, amma sonda rəsmiləşən bir şey olmadı. Hazırda da maraqlanan klublar var. Bu işlərlə menecerim məşğul olur. Mənim bütün diqqətim işimə yönəlib. Yaxşı performans göstərdiyim müddətcə təkliflər həmişə olacaq” – deyib.

Bahar Rüstəm