“Oyundan öncə çox adam çox şey deyə bilər”
Bakı, 18 oktyabr, Tsport.az
Misli Premyer Liqasının VIII turunda “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul edib.
Tsport.az xəbər verir ki, 1-2 hesabı ilə başa çatan matçdan sonra “Qarabağ”ın üzvü Mateus Xoxalski fikirlərini bizimlə bölüşüb:
– İlk hissədə elə də yaxşı çıxış etmədik. Lakin fasilədən sonra toparlandıq və daha yaxşı oynadıq. Bunun da nəticəsində qələbə qazandıq, istəyimizə çatdıq və vacib 3 xal əldə etdik. Bu nəticəyə görə çox xoşbəxtəm.
– Fasilədə nə dəyişdi ki, “Qarabağ” ikinci hissədə üstünlüyü tam ələ aldı?
– Baş məşqçimiz iki əvəzetmə etdi. Bu da oyunumuzu dəyişdi. Üstəlik, fasilədə bizimlə söhbət də etdi. Komandanı daha da çox motivasiya etdi və bütün bunlar bizə müsbət təsir göstərdi. Özünüz də gördünüz ki, ikinci hissədə meydanda çox yaxşı “Qarabağ”a var idi.
– “Qarabağ” “Atletik”lə oyuna hazırdır?
– “Qarabağ” hər zaman hazırdır. İstər ölkə çempionatının oyunu olsun, istər Çempionlar Liqasının.
– “Qarabağ” ÇL-dəki uğurlu çıxışını çətin İspaniya səfərində də davam etdirə biləcək?
– Çempionlar Liqasında hər matç çox ağır keçir. Lakin biz ilk iki qarşılaşmada qələbə qazanmışıq. Güclü komanda olduğumuzu sübut etmişik. Göstərmişik ki, hər matçda qələbə qazanmağa qadirik. “Atletik”lə görüşdə də o cümlədən. İnanırıq ki, səfərdə oynasaq da, istəyimizə çatacağıq.
– “Atletik”in baş məşqçisi Ernesto Valverde mətbuat konfransında “Qarabağ”a 9 qol vurmaq istədiklərini deyib.
– Buna bənzər fikirləri “Benfika”nın da, “Kopenhagen”in də baş məşqçisi demişdi. Onlar da bizə çox qol vurmaq istəyirdilər. Axırı nə oldu? Oyundan öncə çox adam çox şey deyə bilər. Əsas nə olacağını oyunda görəcəyik.
– Xarici mətbuatda “Borussia Dortmund”la adınız hallanır. Rəsmi təklif var?
– Bu xəbəri şərh edə bilmərəm. Elə mən də ancaq yazılanları oxumuşam. Başqa heç bir məlumatım yoxdur.
Bahar Rüstəm