Azərbaycan FutboluMüsahibə

“Oyundan zövq almağa çalışacağıq”

Bakı, 18 oktyabr, Tsport.az

Misli Premyer Liqasının VIII turunda “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul edib.

Tsport.az xəbər verir ki, 1-2 hesabı ilə başa çatan matçdan sonra “Qarabağ”ın üzvü Leandro Andrade fikirlərini bizimlə bölüşüb:

– Çətin oyun olacağını gözləyirdik və elə də oldu. Rəqibimiz yaxşı komandadır. Turnir cədvəlində bizdən daha yuxarıda yer almaları da bunun bariz göstəricisidir. Əslində “Bilbao” oyunu öncəsi bizim üçün yaxşı sınaq idi. Belə bir oyundan öncə güclü rəqiblə qarşılaşmaq bizə faydalı oldu. Sevinirəm ki, bu oyunu qələbə ilə başa vurduq.

– İkinci hissədə Qurban Qurbanov hansı təlimatları verdi?
– Əslində baş məşqçinin soyunub-geyinmə otağında verdiyi təlimatları burada demək nə dərəcədə doğrudur, bilmirəm. Çünki o təlimatlar bizə aiddir və orada qalmalıdır. Sadəcə, bizə müəyyən qaydaları xatırlatdı – bizə məxsus hücumlar, taktiki gedişlər və meydandakı davranışla bağlı məsələlər. Meydandakı oyunumuzu dəyişməli idik və bunu da bacardıq.

– Növbəti oyun səfərdə “Atletik Bilbao” ilə olacaq. Gözləntiləriniz nələrdir?
– “Atletik Bilbao” haqqında əlavə fikir bildirməyə ehtiyac yoxdur, çünki onların gücü və heyətindəki oyunçuların səviyyəsi hamıya məlumdur. Bizi növbəti çətin oyun gözləyir. Əvvəlki oyunlarda olduğu kimi, sadəcə meydana çıxıb oyundan zövq almağa çalışacağıq. Möhtəşəm stadionda, möhtəşəm ab-hava qarşısında oynamaq hər bir futbolçu üçün motivasiyadır. Biz də öz oyun üslubumuzu nümayiş etdirməyə çalışacağıq.

– Oyunda özünüzdən qol gözləyirsiniz?
– Əlbəttə, qol vurmaq istəyirəm. Kim istəməz ki, öz qolu ilə komandasına kömək etsin? Amma qol vuracağam, ya yox – bunu yalnız Allah bilir.

– Kabo-Verde millisi dünya çempionatına vəsiqə qazandı. Leandro millidən imtina edib?
– Bu məsələ ilə bağlı, açığı, ümumiyyətlə fikirləşməmişəm. Ona görə də bu barədə hər hansı şərh bildirə bilmərəm.

Bahar Rüstəm