Futzal

“PFL” Azərbaycan kubokunun qalibi oldu

Bakı, 5 iyun , Tsport.az 

Bu gün futzal üzrə Azərbaycan Kubokunun final qarşılaşması keçirilib. Bakıdakı “Olimpik Star” İdman Kompleksində baş tutan həlledici oyunda ölkə çempionu “Araz-Naxçıvan”la Birinci Liqanın gümüş medalçısı “PFL” komandası üz-üzə gəlib. Görüş 14:00-da start götürüb, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tsport.az xəbər verir ki, final qarşılaşmasına ciddi itkilərlə çıxan “Araz-Naxçıvan” legioner futbolçuların ölkələrinə yollanması səbəbindən yalnız yerli oyunçularla mübarizə aparmalı olub.

Matçda hesabı PFL açsa da, “Araz-Naxçıvan”ın cavab qolu gecikməyib. Buna baxmayaraq, fasiləyədək PFL daha iki dəfə fərqlənərək üstünlüyü ələ alıb. İkinci hissədə də ilk qolu PFL vurub və hesabdakı fərqi artırıb. Rəqibin təzyiqini azaltmaq məqsədilə qapıçını meydan oyunçusu ilə əvəzləyən “Araz-Naxçıvan” buna baxmayaraq, əlavə qollardan sığortalana bilməyib.

Yekunda 1:7 hesablı qələbə qazanan PFL Azərbaycan Kubokunun 29-cu mövsümündə qalib olub.

Qollar:

Xəzər Ağalızadə – 7:00 (“Araz-Naxçıvan”)

Elçin İsmayılov – 5:12, 20:51, 33:28, 35:19 (PFL)

Nicat Qafarlı – 17:17 (PFL)

Raqif Eyvazov – 19:36, 30:30 (PFL)

Hakimlər:

Baş hakim: Knyaz Əmiraslanov

Köməkçilər: Rza Məmmədov, Anar Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

Mükafatlandırma mərasimi:

Oyun bitdikdən sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə hakim-inspektora və oyun hakimlərinə xatirə diplomları təqdim olunub. Ardınca final matçının ən yaxşı oyunçusu elan edilib. 4 qola imza atan PFL-in üzvü Elçin İsmayılov bu ada layiq görülüb. Daha sonra “Araz-Naxçıvan”a gümüş, PFL-ə isə qızıl medallar və ölkə kuboku təqdim olunub.

Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov təqdim edib.