“Porto”nun əfsanəvi kapitanı dünyasını dəyişib
Bakı, 5 avqust, Tsport.az
2004-cü ildə UEFA Çempionlar Liqasının qalibi olan “Porto” klubunun sabiq kapitanı Jorje Costa vəfat edib.
Tsport.az xəbər verir ki, 54 yaşında həyata vida edən Portuqaliya futbol əfsanəsinin ölüm səbəbi hələlik açıqlanmayıb. Məlumatı Portuqaliyanın nüfuzlu nəşrlərindən “A Bola” yayıb.
Peşəkar karyerasının böyük hissəsini doğma klubu “Porto”ya həsr edən Costa, 1990-2005-ci illərdə bu komandanın formasını geyinib. Müdafiəçi mövqeyində çıxış edən veteran futbolçu 324 oyunda 20 dəfə rəqib qapılarını dəqiq nişan alıb. O, “Porto” ilə 8 dəfə Primeira Liga çempionluğu, 5 dəfə isə Taça de Portugal kubokunu qazanıb.
Costa-nın ən yaddaqalan uğurları isə 2003-cü ildə UEFA Kuboku, ardınca isə 2004-cü ildə Çempionlar Liqası zəfərləri olub. Həmin möhtəşəm dönəmlərdə onun liderliyi komandaya böyük ruh verirdi.
Karyerasını başa vurduqdan sonra Jorje Costa bir neçə klubda baş məşqçi kimi fəaliyyət göstərib.