Azərbaycan FutboluMüsahibə

“Qələbələr qazanıb xalqımızı və azarkeşlərimizi sevindirmək istəyirik”

 Bakı, 6 oktyabr, Tsport.az

Azərbaycan Milli Komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens”də Fransa yığması, oktyabrın 13-də isə Polşanın Krakov şəhərində yerləşən “Krakoviya” stadionunda Ukrayna seçməsinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

Tsport.az xəbər verir ki, Azərbaycan Milli Komandasına dəvət alan Cəlal Hüseynov ilkin təəsüratlarını bizimlə bölüşüb:

– Milli komandaya dəvət almaq mənim üçün böyük qürurdur. Bu, hər bir azərbaycanlı futbolçunun arzusudur. Çox sevincliyəm. Bu möhtəşəm bir xəbər idi. Şükürlər olsun ki, bu hissi yaşamaq mənə nəsib oldu.

– Rəqibləriniz Fransa və Ukrayna kimi güclü millilər olacaq. Rəqiblər haqqında özünüz əlavə məlumat əldə etmisinizmi? Onları nə qədər tanıyırsınız?
– Əlbəttə, rəqiblərimiz çox güclüdür. Güclü bir qrupda mübarizə aparırıq. Fransa və Ukrayna top səviyyəli komandalar sayılır. Əslində, çox da axtarmağa ehtiyac yoxdur – hamımız dünya futboluna baxırıq, hər bir futbolçu haqqında müəyyən məlumatımız var. Həm mənim, həm də komanda yoldaşlarımın rəqiblə bağlı bilgiləri var.

– Sizcə, hər iki matçda komandanın uğur qazanma ehtimalı nə qədərdir?
– Əlbəttə ki, bu, çətin oyunlar olacaq. Amma xatırlayırsınız, evdə Ukrayna ilə oyunda da şansımız demək olar ki, “0” idi, amma komanda olaraq yaxşı oynadıq və nəticədə 1 xal qazandıq. Hər milli komandadan xal almaq mümkündür. Biz də əlimizdən gələni edəcəyik ki, bu dəfə də uğurlu nəticə əldə edək.

– Ayxan Abbasovun əsas milli komandaya təyinatı ilə bağlı nə düşünürsünüz? Sizcə, milli komandada yerli məşqçinin olması futbolçulara nə qədər təsir göstərəcək?
– Ayxan müəllimi təbrik edirəm. Mənim üçün bu xəbər çox xoşdur, çünki Ayxan müəllimi əvvəldən tanıyıram. Biz bir müddət öncə bir yerdə çalışmışıq. Məncə, o, milli komandaya tam uyğun bir məşqçidir. Lazım olan keyfiyyətlərə sahibdir və bunları milli komandada da göstərəcəyinə inanıram. Əlbəttə ki, yerli məşqçinin olması futbolçular üçün əlavə motivasiyadır. Son oyunda da göründü ki, komanda çox sevincli və ruh yüksəkliyi içində idi. İnşallah, bu, növbəti oyunlarda da özünü göstərəcək.

– Ayxan Abbasovun rəhbərliyi altında daha əvvəl “Şamaxı”da da oynamısınız. Bu, milli komandada adaptasiya baxımından sizə nə qədər kömək edəcək?
– Bəli, “Şamaxı”da da Ayxan müəllimlə birgə çalışmışıq. Bu, mənim üçün üstünlükdür, çünki onun nə istədiyini bilirəm. Bu, adaptasiya baxımından mənim üçün çox rahat olacaq. Ümid edirəm ki, komanda üçün də hər şey uğurlu alınacaq. Qələbələr qazanıb xalqımızı və azarkeşlərimizi sevindirmək istəyirik.

Bahar Rüstəm