Azərbaycan Futbolu

“Qarabağ” – “Shelbourne” qarşılaşmasına böyük maraq

Bakı, 29 iyul, Tsport.az

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Shelbourne” (İrlandiya) qarşılaşmasına azarkeş marağı yüksəkdir.

Tsport.az xəbər verir ki, Ağdam təmsilçisinin verdiyi rəsmi məlumata görə, matç üçün artıq 19 min 500 bilet satılıb.

Oyun iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək. Görüş üçün bilet qiymətləri 5 manatdan başlayaraq 100 manata qədər dəyişir. Əlavə olaraq, VVIP C və D sektorlarda əyləşmək və VIP Lounge xidmətlərindən istifadə etmək istəyən azarkeşlər üçün biletlərin dəyəri 300 manat olaraq müəyyən edilib.

Tamaşaçılar biletləri həm “iTicket.az” platformasından onlayn şəkildə, həm də fiziki satış məntəqələrindən, “Qarabağ” klubunun “Park Bulvar” Fan-şopundan və stadionun kassalarından əldə edə bilərlər.

Ağdam klubu qələbə uğrunda mübarizəyə hazırlaşarkən, stadionun tribunalarında da ab-havanın yüksək olacağı artıq indidən hiss olunur.