“Qarabağ”la “Neftçi”nin prinsipial dueli bu axşam
Bakı, 19 aprel, Tsport.az
Azərbaycan Premyer Liqasında XXXI turun əsas qarşılaşmalarından biri bu axşam paytaxtda baş tutacaq.
Tsport.az xəbər verir ki, lider “Qarabağ” ənənəvi rəqibi “Neftçi”ni qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və start fitinin saat 20:00-da səslənməsi planlaşdırılıb. Oyunun baş hakimi Elçin Məsiyev olacaq.
Hazırkı turnir cədvəlində Ağdam təmsilçisi 73 xalla zirvədə qərarlaşıb. “Neftçi” isə mövsümün sonuna altı tur qalmış 35 xalla altıncı sırada qərarlaşıb.
Günün ilk qarşılaşması isə “Sabah” və “Səbail” komandaları arasında olacaq. Bu duel saat 17:30-da “Bank Respublika Arena”da start götürəcək. 36 xala malik “Sabah” beşinci pillədə, 20 xalı olan “Səbail” isə turnirin sonuncu sırasında yer alır.
Tura dünən start verilib. “Araz-Naxçıvan” doğma meydanda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.