“Qol vurmuşuqsa, əlbəttə ki, sevinməliyik”
Bakı, 24 avqust, Tsport.az
Misli Premyer Liqasının II turunda “Qarabağ” doğma meydanda “Sumqayıt“ı qəbul edib.
Tsport.az xəbər verir ki, 0-1 hesabı ilə başa çatan matçdan sonra “Qarabağ”ın üzvü Elvin Cəfərquliyev fikirlərini bizimlə bölüşüb:
– Çox ağır oyun olacağını bilirdik. “Sumqayıt”ın son iki oyununu təhlil etmişdik, yaxşı futbol oynadıqlarını da bilirdik. Yeni futbolçuları var. Açığı, gözlənilməyən bir qol buraxdıq və onun acısını da çəkdik. Çalışdıq ki, oyunun sonuna qədər rəqibi saxlayaq, qol vuraq, amma alınmadı. İndi növbəti oyunlara baxacağıq.
– Komanda ikinci heyətlə meydana çıxmışdı. Belə nəticəni əvvəlcədən proqnozlaşdırmaq olardı?
– Bizim əsas heyətlə də, ikinci heyətlə də müəyyən çətinliklərimiz olur. İkinci heyətimizdə də güclü futbolçular var. Sadəcə, bu dəfə alınmadı. Açığı, belə bir nəticəni proqnozlaşdırmamışdıq.
– “Ferencvárosi” ilə cavab oyunu barədə nə deyə bilərsiniz?
– İlk oyunumuzu təhlil edəcəyik. Heç nə bitməyib. Bəziləri elə düşünür ki, orada qələbə qazandıqsa, hər şey bitdi. Elə deyil. Mən rəqibin və onların məşqçisinin fikirlərinə baxıram, görürəm ki, bura qələbə üçün gəlirlər. Biz də əlimizdən gələni edəcəyik ki, üstünlüyümüzü qoruyaq və növbəti mərhələyə vəsiqə qazanaq.
– Rəqibin baş məşqçiləri deyirlər ki, “Qarabağ” qələbəni turu keçmiş kimi qeyd etməsin. Bu, sizə əlavə motivasiya verirmi?
– Əlbəttə. Onsuz da oyundan əvvəl komanda olaraq yığışıb danışmışdıq ki, heç kim rahatlaşmasın, Bakıdakı oyuna hazırlaşmalıyıq.
– Onların dedikləri arasında belə bir fikir də var ki, “Qarabağ” qolları və qələbəni çox çılğın qeyd edirdi. Sizcə bu, absurd deyilmi?
– Normaldır. Hesabda geri düşmüşdük. Baxmayaraq ki, qol buraxdıq, amma ondan əvvəl də kifayət qədər qol imkanlarımız var idi. Qol buraxdıq, amma comeback etdik. Qol vurmuşuqsa, əlbəttə ki, sevinməliyik.
Bahar Rüstəm