“Qubaya futbol sevincini qaytarmaq istəyirik” – Hypers Quba”nın prezidenti Ayaz Abdullayev
Bakı, 28 may, Tsport.az
Azərbaycan futbolunun yeni simalarından biri olan “Hypers Guba” klubu cəmi iki mövsüldə Region Liqasından II Liqaya, indi isə I Liqaya vəsiqə uğrunda pley-off matçına qədər irəliləyib. Komandanın bu sürətli inkişafı ölkə futbol ictimaiyyətində maraq doğurub. Tsport.az olaraq klub prezidenti Ayaz Abdullayevlə əlaqə saxlayıb bu uğurun sirrini və gələcək planlarını öyrəndik.
– Bu qədər qısa zamanda bu mərhələyə gəlib çatmaq sizə nə hiss etdirir?
– Əlbəttə, həm sevindirici, həm də məsuliyyətli bir hissdir. Keçən mövsüm Region Liqasının gümüş mükafatçısı olduq, sonra “Şəfa”nı pley-offda məğlub edərək II Liqaya yüksəldik. Bu qədər qısa müddətdə belə bir mərhələyə gəlmək bizim üçün qürurvericidir. Amma daha önəmlisi Qubaya futbol sevincini qaytarmaq və bölgədə futbolun inkişafına töhfə verməkdir.
– Bu uğurun arxasında hansı əsas amillər dayanır?
– Ən önəmlisi inam və birlikdir. Hər zaman ətrafımda mənə inanan insanlar olub. Keçmişdə Vüqar Nadirov, daha sonra isə Elvin Həsənovun rəhbərliyi ilə komandamız bir məqsədə xidmət edib. Düzgün strategiya, sistemli iş və davamlılıq bizə bu nəticələri qazandırdı.
– Komandanız I Liqada çıxışa nə qədər hazırdır?
– Bunu indidən tam dəqiq söyləmək çətindir. Hər liqanın öz dinamikası və çətinlikləri var. Amma bu günə qədər iştirak etdiyimiz bütün yarışlarda nəticə göstərməyi bacarmışıq. Eyni yanaşma ilə I Liqada da rəqabətə davam gətirəcəyimizə inanıram.
– Sabah pley-offda “Difai” ilə qarşılaşacaqsınız. Hazırlıqlar necə gedir?
– Oyuna ciddi şəkildə hazırlaşmışıq. Zədəlilərimiz olsa da, komanda fiziki və taktiki baxımdan yaxşı vəziyyətdədir. Məqsədimiz meydanda sonadək mübarizə aparmaq və öz oyunumuzu göstərməkdir.
– Rəqib təcrübəli komandadır. Oyunu necə proqnozlaşdırırsınız?
– “Difai” I Liqada oynadığı üçün təcrübə baxımından üstün ola bilər. Asan qarşılaşma olmayacaq. Amma biz də tam hazırıq və heç nədən çəkinmədən oyunumuzu ortaya qoyacağıq. Futbolda hər şey mümkündür.
– Qələbə qazanıb I Liqaya yüksəlsəniz, klub hansı istiqamətdə dəyişikliklərə gedəcək?
– Artıq bir neçə sponsorla razılıq əldə etmişik. Qələbə qazandığımız halda əməkdaşlığa başlayacağıq. Klubun Qubada qalması və davamlı inkişafı üçün infrastruktur layihələrimiz var. Yeni bazanın qurulması, məşq meydançasının təmiri və heyətin gücləndirilməsi planlarımız arasındadır.
– Uzunmüddətli strategiyanız nədən ibarətdir?
– Biz yalnız qısa müddətli nəticələrə fokuslanmırıq. “Hypers Guba”nı sistemli şəkildə idarə olunan, dayanıqlı maliyyə və infrastruktur bazasına malik, bölgəni və ölkəni ləyaqətlə təmsil edən bir kluba çevirmək istəyirik. Bu istiqamətdə konkret planlarımız və yol xəritəmiz var.
Bahar Rüstəm