Azərbaycan FutboluMüsahibə

Rövlan Muradov: “Səfərdə qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik”

Bakı, 24 iyul , Tsport.az

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Zirə” evdə Xorvatiya təmsilçisi “Hajduk”la 1:1 hesablı heç-heçəyə razılaşdı. Matçdan sonra Bakı klubunun futbolçusu Rövlan Muradov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

Tsport.az xəbər verir ki, Muradov “Hajduk”un təcrübəsinə toxunaraq, görüşün çətin keçəcəyini əvvəlcədən bildiklərini vurğulayıb:

“Təcrübəli komandaya qarşı oynadıq. “Hajduk” Xorvatiyanın ən köklü klublarından biridir. Çətin olacağını bilirdik, amma yaxşı analiz etmişdik. Rəqibin boşluqlarını bilirdik. Təəssüf ki, çox sadə bir epizoddan qol buraxdıq”.

Futbolçu cavab matçında qələbə üçün əllərindən gələni edəcəklərini bildirib:

“Səfərdə də qələbə üçün çalışacağıq. Xorvatiyada qələbə qazanıb, azarkeşlərimizi sevindirəcəyik. Səfər çətin də olsa, düşünürəm ki, layiqli mübarizə aparıb qələbə qazana bilərik”.

Muradov son dəqiqələrdəki epizodu da xatırlayıb:

“Matçın sonuncu dəqiqələrində vurduğum zərbə ani oldu. Qapını gördüm, zərbə vurdum. Təəssüf ki, bəxtim gətirmədi, top dirəkdən qayıtdı”.

“Zirə”dəki debütü barədə danışan gənc oyunçu tez bir zamanda komandaya uyğunlaşmaq istədiyini bildirib:

“Bu, “Zirə”də ilk oyunum oldu. Amma komandanın bir çox üzvü ilə əvvəllər oynamışam. Milli komandadan tanış futbolçular var, həmçinin Rəşad müəllimi uzun müddətdir tanıyıram. Məni komandaya dəvət edən də o oldu. Tez bir zamanda adaptasiya olub, komandama maksimum kömək etmək istəyirəm”.

Bahar Rüstəm