“Rəqib komandanın qapıçısı mükəmməl oyun keçirdi”
Bakı,13 sentyabr , Tsport.az
Misli Premyer Liqası IV turunda “Qarabağ” doğma meydanda “Zirə”ni qəbul edib.
Tsport.az xəbər verir ki, 1-1 başa çatan matçdan sonra “Zirə”nin üzvü
Ruan Renato fikirlərini bizimlə bölüşüb:
– Düşünürəm ki, ümumilikdə hər kəs bilir: “Qarabağ”a qarşı oyunlar, istər səfərdə, istərsə də evdə olsun, xüsusi gərgin məcrada keçir. Bu oyunda da komanda çox yaxşı iş gördü. Xüsusilə də müdafiə planında bunu qeyd edə bilərəm. İkinci hissədə təbii ki, “Qarabağ”a qarşı oynayanda onların daha çox topa nəzarət etməsi normaldır. Biz isə müdafiə planında yaxşı dözdük. Oyunda qol vurmağı da bacardıq. Sadəcə, vurulan qoldan sonra yenidən fərqlənmək istədik. Bəzi epizodlar yaratdıq, amma onlardan faydalana bilmədik. Ümumilikdə isə komanda bu gün çox yaxşı iş gördü.
– İkinci qolu vurmaq üçün nə çatmadı?
– Təbii ki, xüsusi bir şey qeyd etməzdim ki, çatmadı. Çünki birinci qolu vurmağı bacardıq və kifayət qədər qol vəziyyətləri də yaratdıq. Sadəcə, düşünürəm ki, ikinci qolu vursaydıq, komanda daha rahat oynaya bilərdi. Müdafiə planında böyük iş gördük, amma bu, o demək deyil ki, hücumda passiv idik. Hücumda da çoxsaylı cəhdlərimiz oldu. Futbolda bəzən belə hallar baş verir. Xüsusilə rəqib komandanın qapıçısının oyununu vurğulamaq istəyirəm – çox mükəmməl oyun keçirdi.
Bahar Rüstəm