“Sabah” və “Araz-Naxçıvan”ın rəqibləri bəlli oldu
Bakı, 4 avqust, Tsport.az
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
Tsport.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan təmsilçiləri “Sabah” və “Araz-Naxçıvan” klublarının potensial rəqibləri müəyyənləşib. Hazırda hər iki komanda turnirin 3-cü təsnifat mərhələsində mübarizə aparır.
- “Araz-Naxçıvan” bu mərhələdə Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.
- “Sabah” isə Bolqarıstan təmsilçisi “Levski” ilə üz-üzə gələcək.
Püşkatmada “Araz-Naxçıvan” – “Omoniya” cütü səpələnmişlər səbətində yer alıb. Bu, Kipr klubunun UEFA reytinqində yüksək mövqeyə sahib olması ilə əlaqədardır. “Levski” – “Sabah” cütü isə səpələnməmişlər səbətində qərarlaşıb.
Potensial rəqiblər:
- “Sabah” – “Levski” cütünün qalibi pley-off mərhələsində “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
- “Araz-Naxçıvan” – “Omoniya” cütünün üstün tərəfi isə UEFA Avropa Liqasının PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə görüşəcək.
Qeyd edək ki, İngiltərə təmsilçisi “Kristal Pelas” klubunun turnirdə iştirakı hazırda davam edən hüquqi proseslər səbəbindən qeyri-müəyyəndir. Pley-off mərhələsinin oyunları 21 və 28 avqust tarixlərində keçiriləcək.