“Shelbourne” – “Qarabağ” oyununun hakimləri bəlli oldu
Bakı, 18 iyul, Tsport.az
Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya təmsilçisi “Shelbourne” ilə qarşılaşacaq. Artıq bu matç üçün təyin olunan hakimlər briqadası açıqlanıb.
Tsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytına əsasən, qarşılaşmanı Xorvatiyadan olan hakimlər idarə edəcək. Baş hakim funksiyasını Ante Čulina yerinə yetirəcək. Ona yan xətt hakimləri kimi Luka Pušić və Ivan Mihalj kömək edəcəklər. Dördüncü hakim isə Mateo Erceg olacaq.
VAR sisteminə nəzarət Mario Zebecə, AVAR funksiyası isə Tihomir Pejinə həvalə olunub.
İlk oyun iyulun 23-də İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən Tolka Park stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Cavab görüşü isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu oyun saat 20:00-da başlayacaq.