“Sona qədər yarışın içində qalmağa çalışacağıq” – Faiq Hacıyev
Bakı, 20 aprel, Tsport.az
Misli Premyer Liqasının XXXI turunda “Araz-Naxçıvan” doğma meydanda “Turan Tovuz“u qəbul edib. Matç 1-1 başa çatıb.
Tsport.az xəbər verir ki, matçdan sonra “Turan Tovuz”un üzvü Faiq Hacıyev fikirlərini bölüşüb, suallarımızı cavablandırıb.
-Hazırda təkcə çempionatda mübarizə aparırsız. Komdanda da fiziki-psixoloji vəziyyət necədir?
-Hər şey qaydasındadır. Finala yaxınlaşırıq. Son 5 oyun qalıb. Hər oyuna son oyunumuz kimi çıxırıq. İnşallah hər şeyi istədiyimiz kimi bitirməyə çalışacağıq.
-“Araz-Naxçıvan”la matçda 1-1 heç-heçə etdiniz. Bu turnir cədvəlində ilk 3-lüyə düşmək baxımından pis təsir göstərdi. Bu barədə fikirləriniz?
-Əlbətdə qələbə qazanıb, “Araz-Naxçıvan”a yaxınlaşmaq istəyirdik. Hələ heç nə bitməyib. Sona qədər yarışın içində qalmağa çalışacağıq.
-Azərbaycan Kubokunda qalib “Sabah” və ya “Neftçi” olduğu halda Avrokuboklara gedə bilməyəcəksiniz. Bu komandada psixoloji təzyiq yaradırmı?
-Üstümüzdə heç bir təzyiq yoxdur. Biz öz oyunlarımızı düşünürük. Sonda necə olaraq onu zaman göstərəcək. Çempionat bitəndə bu barədə düşünə bilərik.
– Mövsümün bu mərhələsində az səhvlə oynamaq vacibdir. Komanda daxilində bu məsuliyyət necə paylaşılır?
-Hər kəs öz üstünə düşənin ən yaxşısını etməyə çalışır. Bu futboldur. Səhvsiz heç nə olmur. Birimiz səhv edəndə digərlərimiz onu düzəltməyə çalışır.
-“Araz-Naxçıvan”la heç-heçə komdanın motivasiyasına necə təsir göstərdi?
-Hər şeyə pozitiv baxmalıyıq. Bu oyunda qala bilmərik. Vaxtımız azdı. Bu zamanda neqativ nəsə yükləməyə ehtiyac yoxdur.
-Oyunda komanda olaraq hansı səhvləriniz oldu?
-Bu barədə məşqçimiz bizimlə danışacaq. Mənim futbolçu kimi dilə gətirməyim düzgün olmaz.
-Oyundakı şəxsi performansınızı necə qiymətləndirirsiniz?
-Qol vurduğuma görə sevindim. Amma qələbə qazansa idik, daha çox sevinərdim. Dayanana bilmərəm. Hər oyun performansımı daha da artırıb, komandam üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.
Bahar Rüstəm