Azərbaycan FutboluMüsahibə

Tahir Gözəl: “Hədəfimiz qrup mərhələsinə düşməkdir – biz bu yola hazırıq”

Bakı, 31 iyul, Tsport.az

UEFA Çempionlar Liqasında “Qarabağ” doğma meydanda İrlandiya təmsilçisi “Şeburn“u 1-0 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Tsport.az xəbər verir ki, oyundan sonra klub prezidenti Tahir Gözəl fikirləribi bizimlə bölüşüb:

“Komandanın çıxışını çox müsbət qiymətləndirirəm. Bu gün çox gözəl bir oyun izlədik. Ən vacib məsələ isə odur ki, heç bir zədə və xəsarət yoxdur. Bu bizim üçün çox önəmlidir. Səfərdən çox yaxşı nəticə ilə qayıtdıq. Tərtəmiz oyun göstərdik və qalib gəldik. Penaltini qaçırdıq – keçmiş olsun. Əsas odur ki, hər kəs sağlamdır.”

Transfer siyasəti və yeni oyunçular barədə fikirlərini bölüşən klub rəhbəri bildirib:
“Məni prezident kimi sevindirən ikinci məsələ odur ki, heyətə yeni qoşulan futbolçular olduqca keyfiyyətlidir. Təəssüf ki, Bolt zədələndiyi üçün bu gün oynaya bilmədi. Amma düşünürəm ki, maşallah, çox uğurlu transferlər həyata keçirilib. Təbii ki, bu işlə Qurban müəllim məşğuldur, biz də ona tam dəstək veririk. Üstəlik, daha iki transferimiz olacaq. Onları da səbirsizliklə gözləyirik.”

Komandanın forması və oyun üslubu ilə bağlı isə o deyib:
“Bu gün ‘Qarabağ’ı izlədik və Qurban hocanı təbrik etmək istəyirəm. Komandanın oyun dəstxətti var. Hər oyunda bu üslubu görmək olur. Baxın, bu gün heyətdə 4 yeni futbolçu var idi, amma yenə də o klassik ‘Qarabağ’ tərzini izlədik. Bu məni çox sevindirdi. İnşallah, 2 yeni transferlə daha da güclənəcəyik və bu mövsüm 2017/18-dəki uğuru yenidən yaşayacağıq. Mən buna inanıram.”

Gələcək planlardan danışan Gözəl, maliyyə və müstəqillik məsələlərinə də toxunub:
“Əlbəttə ki, əsas hədəfimiz daha yüksəkdir. Bu, ‘Qarabağ’ klubunun gəliri və inkişafı baxımından çox önəmlidir. Avropaya çıxmaq təkcə prestij deyil, həm də maddi baxımdan vacibdir. Bu bizə keyfiyyətli futbolçular gətirmək imkanı verir.”

Sponsor məsələsinə gəlincə, klub prezidenti bildirib:
“Həmişə deyirəm, bizim sponsorumuz – Azərsun – bir nömrədir. İllərdir bizə dəstək verirlər. Oradakı zəhmətkeş insanlar əməklə çalışır və biz də klub olaraq müstəqil olmağa çalışırıq. İstəyirik ki, gələcəkdə ‘Qarabağ’ yalnız öz gəlirləri hesabına idarə olunsun. Bu səbəbdən bu oyunlar bizim üçün olduqca vacibdir.”

Bahar Rüstəm