Tiago Silva: “Avropada adlı-sanlı komandalarla mübarizə apara bilərik”
Bakı, 24 iyul , Tsport.az
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra “Zirə”nin futbolçusu Tiago Silva qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Tsport.az xəbər verir ki, braziliyalı futbolçu nəticəyə baxmayaraq, komandasının Avropada ciddi rəqiblərlə mübarizə apara biləcəyini göstərdiyini bildirib:
“Təbii ki, bizim məqsədlərimiz bəllidir. İlk oyun evdə olduğuna görə istəyirdik ki, səfərə ən azı 1-2 top üstünlüklə gedək. Təəssüf ki, bu mümkün olmadı. Amma bu gün göstərdik ki, Avropada 2-ci dərəcəli, adlı-sanlı komandalara qarşı layiqli mübarizə apara bilirik. Hazırda əsas məsələ cavab oyununa ən yaxşı şəkildə hazırlaşmaqdır.”
Zədədən uzun müddət sonra yaşadığı dönüş barədə danışan Silva psixoloji çətinlikləri aşdığını da vurğulayıb:
“İstənilən futbolçu üçün 4-5 ay futboldan uzaq qalmaq və yenidən qayıtmaq asan deyil. Açığı, bu dönəm mənim üçün psixoloji baxımdan bir qədər çətin keçdi. Amma məşqlər sayəsində inamımı bərpa etdim. Komandama və xüsusilə baş məşqçimizə təşəkkür edirəm – mənə inandılar və dəstək oldular. Bu cür rəqibə qarşı oynamaq və mübarizə aparmaq mənim üçün önəmli idi. Uzun müddətdən sonra meydana çıxmağı nəzərə alsaq, öz performansımdan razı qaldım.”
Silva həmçinin ötən mövsümdə yaşanan anlaşılmazlıqlara da qısa münasibət bildirib:
“Müəyyən problemlər olub, amma bu artıq keçmişdə qalıb. İndi klubla müqaviləm var və tam peşəkar şəkildə komandama xidmət edirəm. Əlimdən gələnin ən yaxşısını etməyə davam edəcəyəm.”
Cavab oyununda ehtimal edilən penalti seriyasına da toxunan futbolçu bu ssenariyə hazır olduğunu deyib:
“Əgər oyun penaltilərə getsə, ötən mövsüm olduğu kimi yenə əlimdən gələnin ən yaxşısını edəcəyəm.”
Son olaraq stadion və azarkeş məsələsinə də toxunan Silva, “Neftçi Arena”nın özlərini yad hiss etdirmədiyini vurğulayıb:
“Stadionumuz UEFA standartlarına uyğun olmadığı üçün bu oyunu “Neftçi”nin stadionunda keçirdik. Stadion rəhbərliyinə təşəkkür edirəm. Bizi burada oynamağımız üçün hər cür şəraitlə təmin etdilər. Azarkeşlərimizə də təşəkkür edirəm. Bizim üçün fərq etmir, harada oynayırıq. Əsas olan meydandakı performansdır. İlk oyun heç-heçə başa çatdı, qələbə qazana bilərdik. Amma düşünürəm ki, səfərdə də buna nail ola bilərik.”
Bahar Rüstəm