Dünya Futbolu

“Tottenham” yeni baş məşqçisini açıqladı

Bakı, 13 iyun , Tsport.az 

İngiltərə Premyer Liqası klublarından “Tottenham” yeni baş məşqçisini müəyyənləşdirib. Klubun rəsmi açıqlamasına görə, komanda “Brentford“un çalışdırıcısı Tomas Frank ilə 3 illik müqavilə imzalayıb.

Tsport.az xəbər verir ki, Avropa Liqasının qalibi olduqdan sonra Ance Postekoqlu ilə yollarını ayıran “Tottenham” yeni dövrə Tomas Frank ilə başlayacaq.

Danimarkalı mütəxəssis 2018-ci ildən “Brentford”u çalışdırırdı. O, 2016-cı ildə klubda köməkçi məşqçi kimi fəaliyyətə başlamış, iki il sonra isə baş məşqçi vəzifəsinə yüksəlmişdi.

Ance Postekoqlunun rəhbərliyi altında Avropa Liqasını qazanan “Tottenhem” Premyer Liqada tarixinin ən uğursuz mövsümlərindən birini keçirərək çempionatı 17-ci pillədə tamamlamışdı.

“Brentford” isə Tomas Frankın rəhbərliyi altında mövsümü 10-cu sırada başa vurub. Danimarkalı mütəxəssisin “Brentford”la müqaviləsi davam etdiyindən “Tottenhem”in onun üçün təzminat ödəməsi gözlənilir.

İngiltərə mətbuatında yayılan məlumatlara görə, “Tottenham” Tomas Frankın transferi üçün “Brentford”a 10 milyon funt sterlinq ödəyəcək.