“Tractor”tarixində ilk dəfə İran çempionu oldu!
Bakı, 2 may , Tsport.az
“Traktor” İran çempionu olaraq adını tarixə yazdı. Çempionluq ilk dəfə Təbrizə gəlir!
Tsport.az xəbər verir ki , İranın “Traktor” komandası bu mövsüm “Persian Gulf Pro League”də böyük bir tarix yazıb. Təbriz təmsilçisi XXVIII turda Qəzvinin “Şəms Azər” komandasını 4:0 hesabı ilə məğlub edərək çempionluğunu mövsümün bitməsinə iki tur qalmış təmin edib.
Oyun Qəzvinin “Sərdar Azadegan” stadionunda keçirilib. Əvvəlcə, 1-ci dəqiqədə Domaqoy Drojdek komandasını irəli aparıb. Bir neçə dəqiqə sonra, 8-ci dəqiqədə Əmirhüseyn Hüseynzadə “Traktor”un üstünlüyünü ikiqat artırıb. 30-cu dəqiqədə isə Drojdek dubl edərək fasiləyə qədər hesabı 3:0-a çatdırıb.
İkinci hissədə,isə “Şəms Azər”in müdafiəçisi Homən Rəbiizadə qırmızı vərəqə alaraq meydandan qovulub. Bu hadisə, “Traktor”a 11 metrlik cərimə zərbəsi qazandırıb. Rikardo Alveş bu penaltiyi dəqiq yerinə yetirərək oyunun son nəticəsini müəyyən edib – 4:0.
Bu qələbə ilə “Traktor” mövsümün bitməsinə iki tur qalmış çempionluğunu rəsmiləşdirdi və 64 xal toplayaraq ən yaxın rəqibi “Sepahan”-dan 8 xal fərq qoydu. “Qızıl qurdlar” beləliklə, 30 turdan ibarət çempionatda vaxtından əvvəl qalib gəlib.
“Traktor”u bu möhtəşəm qələbə münasibətilə təbrik edir, gələcəkdə də böyük uğurlar arzulayırıq!
Aytac Mustafayeva