FutzalMüsahibə

Ülvi Əliyev: “Qələbə hissinin hüdudu yoxdur – bu, karyeramın ən xoş günüdür”

Bakı, 26 iyul , Tsport.az

Azərbaycan İdman Akademiyası (ASA) 14-cü Universitetlərarası Futzal Çempionatının finalında İspaniyanın Valensiya Universitetini 7:2 hesabı ilə məğlub edərək Avropa çempionu olub.

Tsport.az xəbər verir ki, oyundan sonra təmsilçimizin üzvü Ülvi Əliyev fikirlərni bizimlə bölüşüb.

– Oyuna başlayanda əsas məqsədimiz ilk qolu vurmaq və qapımızı toxunulmaz saxlamaq idi. Şükürlər olsun ki, ilk qol mənə qismət oldu. Bu, mənim üçün böyük bir qürur hissi idi və oyuna daha əzmkar yanaşmağıma kömək etdi.

– Final oyunu sizin üçün necə keçdi?

– Oyun tam olaraq istədiyimiz ssenari üzrə getdi. Maksimum səbirli oynayıb rəqibin səhv etməsini gözləyirdik, eyni zamanda onlara da sərbəst hərəkət etməyə imkan vermirdik. Sakit qalmağı bacardıq və hər dəqiqədə oyunu nəzarətdə saxlamağa çalışdıq.

– Peşəkar təcrübənizin təsiri hiss olundu?

– Bəli, peşəkar futzal təcrübəm mənə oyunda sakit qalmağı, həyəcanı minimuma endirməyi öyrədib. Amma bu bir finaldır – burada əzm hər şeydən üstündür. Komanda yoldaşlarımla qürur duyuram. Hamımız bir nəfər kimi mübarizə apardıq və sonda son sözü deməyi bacardıq.

– Turnirin ümumi səviyyəsi barədə nə deyə bilərsiniz?

– Ümumiyyətlə, turnirdə səviyyəli kollektivlər iştirak edirdi. İspaniyadan “Castilla”, Xorvatiyadan “Split” və “Zagreb” komandaları güclü rəqiblər idi. Həmçinin bu gün finalda məğlub etdiyimiz İspaniyanın “Valensiya” komandasında da İspaniya, Portuqaliya və digər ölkələrdə peşəkar futzal oynayan futbolçular çıxış edirdi. Bu da göstərir ki, komandalar bu yarışa çox ciddi hazırlaşmışdılar.

– Qələbə sizin üçün nə ifadə edir?

– Biz Azərbaycan olaraq Avropada çempion olduq! Bu hissin həddi-hüdudu yoxdur. Sevincimizi sözlə ifadə edə bilmərəm. Əgər desəniz ki, karyeranda ən xoş gün hansıdır – tərəddüdsüz deyərəm ki, bu gündür.

Bahar Rüstəm