Azərbaycan FutboluMüsahibə

Ülvi İsgəndərov: “İlk qolda ən böyük səhv hakimdə idi”

Bakı, 25 iyul , Tsport.az

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan“ın Yunanıstan təmsilçisi “Aris” üzərində qələbəsindən sonra komandanın futbolçusu Ülvi İsgəndərov matçla bağlı təəssüratlarını bölüşüb.

Tsport.az xəbər verir ki, futbolçu ilk oyunun gərgin keçdiyini, rəqibin güclü olduğunu bildirib:

“Maraqlı və gərgin oyun keçdi. Rəqibimizin çətin olacağını bilirdik. Qələbə qazandıq, amma bu rahatlanmaq üçün əsas deyil. Qarşımızda daha bir oyun var və biz Yunanıstanda da qələbə qazanaraq turu keçmək istəyirik.”

İsgəndərov klubun Avropa arenasında ilk dəfə iştirak etdiyini vurğulayıb:

“Bu, Avropada debüt oyunumuz idi. Komandada yeni oyunçular da var və onlar artıq yavaş-yavaş kollektivə adaptasiya olurlar. Düzdür, bir çoxu artıq tam uyğunlaşıb. Çünki kollektivimiz çox yaxşıdır. Hesab edirəm ki, cavab matçında da qələbə qazanmağımız bizim üçün çox dəyərli olacaq.”

Futbolçu “Aris”in vurduğu ilk qol zamanı hakim səhvinin həlledici rol oynadığını bildirib:

“İlk qolda əsas səhv hakimdə idi. Əgər VAR sistemi olsaydı, qərar bizim xeyrimizə verilərdi. Qoldan əvvəlki epizodda penalti var idi, amma hakim oyunu dayandırmadı və nəticədə qapımızda qol gördük.”

Komandanın ruhdan düşmədiyini və mübarizəni davam etdirdiyini qeyd edib:

“Xeyr, heç bir psixoloji çökmə olmadı. Hamımızda istək var idi. Bilirdik ki, bu oyunu qazanmalıyıq. Daha yaxşı hazırlaşıb, Yunanıstanda da qalib gələcəyik.”

Rəqibin əvvəlcədən favorit sayıldığını etiraf edən futbolçu, onların zəif və güclü tərəflərinin analiz edildiyini də qeyd edib:

“Bəli, rəqib kağız üzərində favorit idi. Amma biz onları yaxşı analiz etmişdik. Harada zəif, harada güclü olduqlarını bilirdik. Hələ ki, heç nə bitməyib.”

Cavab görüşündə çətin atmosfer gözlədiklərini deyən İsgəndərov səfər oyununun daha gərgin keçəcəyini düşünür:

“Səfərdə azarkeş təzyiqi ilə oynayacağıq. Azarkeş amili futbolçu üçün çox önəmlidir. Bizi Yunanıstanda çılğın azarkeşlər gözləyir. Bunu bilirik və həmin oyuna tam fokuslanmışıq.”

Sonda şəxsi oyun vaxtı ilə bağlı fikirlərini də bölüşüb:

“Bu oyunda az oynadım. Start heyətində olmaq istəyirdim. Komandama daha çox kömək edə bilərdim. Amma nəticə önəmlidir və qalib gəldik.”

Bahar Rüstəm