Azərbaycan FutboluMüsahibə

Urfan Abbasov: “Qələbə motivasiya verir, amma bu hələ son deyil”

Bakı, 25 iyul , Tsport.az

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Araz-Naxçıvan” Yunanıstanın “Aris” klubu üzərində mühüm qələbə qazandı. Matçdan sonra komandanın təcrübəli müdafiəçisi Urfan Abbasov oyunla bağlı fikirlərini bildirib.

Tsport.az xəbər verir ki, o, qarşılaşmanın ağır olacağını əvvəlcədən bildiklərini qeyd edib:

“Oyunun ağır olacağını bilirdik. Hava şəraiti də çox boğanaq idi, qaçmaq çətinləşirdi. Şükürlər olsun ki, qələbə qazandıq. İndi isə ikinci oyuna hazırlaşmalıyıq. Bu hələ tam qələbə deyil.”

Futbolçu əldə olunan nəticənin komandaya əlavə güc verdiyini, lakin cavab görüşünün daha çətin keçəcəyini də vurğulayıb:

“Əlbəttə ki, qələbə qazanmaq əlavə motivasiya yaradır. Amma bilirik ki, orada keçiriləcək oyun burdakından da çətin olacaq.”

Abbasov həmçinin növbəti matç üçün daha diqqətli çıxış etməli olduqlarını bildirib:

“Məşqçi ilə birlikdə oyunu analiz etməliyik. Elmar müəllim bizə nəyi düzgün, nəyi səhv etdiyimizi deyəcək. Səhvlərin üzərində işləyib, gələn oyunda daha diqqətli olacağıq.”

Son olaraq, rəqib meydanında onları fərqli atmosferin gözlədiyini deyən müdafiəçi, komandaya inamını belə ifadə edib:

“Təbii ki, atmosfer burdan fərqli olacaq. Amma biz hər şeyə hazır olmalıyıq.”

Bahar Rüstəm