Dünya Futbolu

Victor Osimhenin “Galatasaray”a transferi razılaşdırılıb

Bakı, 19 iyul , Tsport.az 

İtaliya nəhəngi “Napoli” Nigeriyalı hücumçu Victor Osimhenin “Galatasaray“a keçidi üçün İstanbul təmsilçisinin təklifini qəbul edib. Möhtəşəm transfer paketinin ümumi dəyəri 75 milyon avrodur.

Tsport.az xəbər verir ki, qaydalara görə, “Galatasaray” bu məbləğin 40 milyonunu bu yay ödəyəcək, qalan 35 milyon isə gələn mövsümdə ödəniləcək. Müqaviləyə əlavə olunan qeyri-adi şərtlər arasında Osimhenin növbəti iki il ərzində Serie A-ya qayıtmasının qadağan edilməsi xüsusi diqqət çəkir.

Hazırda tərəflər müqavilənin sonrakı satış hüququ ilə bağlı texniki detalları müzakirə edirlər. Transferin rəsmiləşdirilməsi yaxın günlərdə gözlənilir.

İnsayder Nikolo Schira daha əvvəl bildirib ki, Osimhen 2030-cu ilə qədər “Galatasaray”la müqavilə bağlayacaq və illik 18 milyon avro qazanacaq. Qeyd edək ki, ötən mövsüm Osimhen İstanbul klubunda icarə əsasında çıxış edib — 41 matçda 37 qol və 8 asistlə parlaq göstəriciyə imza atıb.

Futbolçunun “Napoli” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər idi.