Xəzər Ağalızadə: “Azərbaycanlı uşaqlar bunu bacarır – yetər ki, inanın”
Bakı, 26 iyul , Tsport.az
Azərbaycan İdman Akademiyası (ASA) 14-cü Universitetlərarası Futzal Çempionatının finalında İspaniyanın Valensiya Universitetini 7:2 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Tsport.az xəbər verir ki, oyundan sonra təmsilçimizin üzvü Xəzər Ağalızadə fikirlərni bizimlə bölüşüb.
– Bu tarixi qələbədən sonra ilk olaraq nə demək istərdiniz?
– İlk növbədə komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür edirəm. Bu qələbə, bu çempionluq onların əməyi və dəstəyi sayəsində mümkün oldu. Heç bir final asan olmur. İllərdir bu oyun üçün hazırlaşırdıq, amma hər dəfə bir mərhələdə ilişirdik. Bu gün isə nəhayət ki, sonadək irəliləyib qalib gəldik. Rəhbərlikdən tutmuş bizə dəstək olan hər kəsə minnətdaram – əlləri-qolları var olsun.
– Komanda daxilində əhval-ruhiyyə necə idi?
– Komanda olaraq çox xoşbəxtik. Azərbaycan xalqını sevindirdiyimiz üçün ayrıca qürurluyuq. Bu turnir bizim üçün sadəcə oyun yox, həm də bir məsuliyyət idi. Hər birimiz bunun fərqində idik və sona qədər mübarizə apardıq.
– Rəqiblər və turnirin səviyyəsi barədə fikirləriniz?
– Həm peşəkar, həm də tələbə səviyyəsində futzal oynayan biri kimi əminliklə deyə bilərəm ki, bu turnirdə iştirak edən komandalar heç də aşağı səviyyədə deyildilər. Əksər oyunçular öz milli komandalarının üzvləri idilər. Asan turnir deyildi – əksinə, kifayət qədər çətin idi. Amma biz xarakterimizi ortaya qoyduq, meydanda kim olduğumuzu göstərdik və Azərbaycanın nəyə qadir olduğunu sübut etdik.
– Bu qələbənin sizin üçün şəxsi anlamı nədir?
– Bu gün Azərbaycan İdman Akademiyasının tarixində yeni bir səhifə açıldı. İlk dəfədir ki, belə bir uğur qazanılır və bu tarixin bir parçası olduğum üçün çox xoşbəxtəm. Adımızı ASA-nın tarixinə qızıl hərflərlə yazdıq. Bu, mənim üçün ölçüyəgəlməz dəyərə malikdir.
– Bu uğurdan sonra növbəti planlarınız nədir?
– Biz bu turnirə illərlə hazırlaşmışdıq. Bakıdan buraya gələndə qalib gələcəyimizə inanırdıq və bu inamla da oynadıq. İndiyə qədər ən böyük hədəfimiz bu çempionluğu qazanmaq idi. İndi isə daha böyük hədəflərə doğru yola çıxırıq.
– Son olaraq nə demək istərdiniz?
– Həm peşəkar futzal, həm də universitetlərarası səviyyədə belə bir uğura ilk dəfə imza atılır. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Sadəcə demək istəyirəm ki, Azərbaycanlı uşaqlar bunu bacarır – yetər ki, inanılsın!
Bahar Rüstəm