Azərbaycan FutboluMüsahibə

“Xal qazanmaq üçün döyüşəcəyik”

Bakı,13 sentyabr ,  Tsport.az 

Misli Premyer Liqası IV turunda “Qarabağ” doğma meydanda  “Zirə”ni qəbul edib.

Tsport.az xəbər verir ki, 1-1 başa çatan matçdan sonra “Qarabağ”ın üzvü Musa QurbanlıMusa Qurbanlı fikirlərini bizimlə bölüşüb:

– Oyun asan alınmadı. “Zirə” bildiyiniz kimi güclü rəqibdir, çempionatımızın iddialı komandalarındandır. Onlara qarşı oynamaq həmişə çətin keçir. Bərk komandadır, yaxşı müdafiə olunurlar, keyfiyyətli futbolçuları var. Ona görə düşünürəm ki, 1:1 hesabı oyuna görə nəticə oldu.

Penalti epizodu ilə bağlı nə düşünürsünüz? Həqiqətən penalti idi?

– Açığı, mən təkrara baxmadım, görə bilmədim. Ona görə də dəqiq bilmirəm. Hər halda, nəsə var idi ki, penalti verildi.

Buraxılan qol oyunun davamındakı motivasiyanıza nə qədər təsir etdi?

– Əlbəttə ki, qol buraxanda həmişə daha çətin olur. Xüsusən də “Zirə” kimi rəqibə qarşı. Hansı ki, onlar qol vurandan sonra daha da möhkəm müdafiə olunmağa başladılar. Bu, müəyyən qədər təsir etdi. Amma düşünürəm ki, komanda yoldaşlarım əzmkarlıq göstərdilər və ən azından bir xal qoparmağı bacardıq.

Oyunda “Zirə”yə nisbətən sizin üstünlüyünüz daha çox idi, amma ikinci qol alınmadı. Sizcə, səbəb nə idi?

– Bəzən elə oyunlar olur ki, qol vurmaq asan olmur. Nə qədər hücum etsək də, “Zirə”nin də kifayət qədər təhlükəli epizodları oldu. Əks-hücumlarda bizi yaxalaya bilərdilər. Sadəcə top qapıya girmədi.

Qarşıda sizi çətin “Benfica” səfəri gözləyir. Nə düşünürsünüz? Xal qazana bilərsinizmi?

– Əlbəttə. Çempionlar Liqasının səviyyəsini özünüz bilirsiniz. Xüsusən də “Benfica” kimi rəqiblə səfərdə oynayacağıq. İlk oyunumuzdur, bizim üçün yaxşı təcrübə olacaq. Yenə də ilk oyun olduğuna görə tempi tutmaq bir qədər vaxt aparacaq. Amma xal qazanmaq üçün döyüşəcəyik.

Nərimanın zədəsindən sonra əsas hücumçu kimi siz göstərilirsiniz. Bu, oyundan əvvəl sizin üzərinizdə təzyiq yaradırmı?

– Xeyr, təzyiq yaratmır. Onsuz da işimiz çıxıb oynamaqdır. Ona görə Nəriman olsa da, olmasa da, kim meydana çıxırsa, hər birimiz maksimum çalışırıq ki, üzərimizə düşən vəzifəni yerinə yetirək. Əlbəttə, belə böyük oyunlardan əvvəl istər-istəməz yaxşı mənada bir həyəcan olur. Amma bu da normaldır.

Bahar Rüstəm