Yassin Benzia “Qarabağ”a vida
Bakı, 13 iyun , Tsport.az
Əlcəzairli yarımmüdafiəçi Yassin Benzia “Qarabağ“dan ayrıldığını açıqlayıb və klubla vidalaşıb.
Tsport.az xəbər verir ki, 30 yaşlı futbolçu İnstaqram hesabında paylaşım edərək Azərbaycan çempionuna təşəkkürünü bildirib:
“Bu, karyeramda son dərəcə vacib bir fəsilin sonudur. Bütün “Qarabağ” klubuna, rəhbərliyə, məşqçilərə (cənab Qurban Qurbanov, hər şey üçün təşəkkür edirəm), personala, azarkeşlərə və əlbəttə ki, komanda yoldaşlarıma təşəkkürümü bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm.”
Benzia paylaşımında Ağdam klubunun onun üçün xüsusi yer tutduğunu vurğulayıb:
“Başımın üzərindən keçən bütün hadisələrdən sonra məhz burada yenidən oynamaq sevincini tapdım. Kuboklar qazanmaq, qol vurmaq, komanda yoldaşlarıma qol ötürmələri vermək, komandamızın Avropada parlamasına kömək etmək, milli komandaya qayıtmaq… Sadəcə hər şey üçün təşəkkür edirəm. Həmişə qəlbimdə qalacaqsınız.”
Benzia 2023-cü ilin yanvarında “Qarabağ”ın heyətinə qoşulmuşdu. O, bu müddət ərzində 104 oyun keçirib, 28 qol vurub və 25 qol ötürməsi edib.