Digər

“Yeniyetmə vaxtı qazandığım medalları heç kim yadına salmır” – Hacı Əliyev

Bakı, 4 oktyabr, Tsport.az

Bu sözləri 3 qat Dünya və 2 qat Avropa çempionu çempionu, İslam Həmrəyliyi və Avropa Oyunlarının qalibi Hacı Əliyev deyib.

Tsport.az xəbər verir ki, Azərbaycanda təşkil olunan III MDB Oyunlarında sərbəst güləşçiləri canlı izləyən ustad güləşçi nəticələrlə bağlı suallarımızı cavablandırıb.

– Nəticələrlə bağlı nə düşünürsünüz?
– Sözsüz ki, hər kəs istəyərdi nəticələr daha yaxşı olsun, qızıl medallar çox olsun. Amma bu idmandır, burada həm məğlubiyyət var, həm də qələbə. Yarış ölkəmizdə keçirildiyi üçün idmançılarımız azarkeşlərdən daha çox dəstək gördülər və bu baxımdan rəqiblərindən üstün idilər. Daha yaxşı nəticə göstərə bilərdilər, amma təəssüf ki, gözlədiyim nəticə alınmadı. Düşünürəm ki, əldə olunan nəticələr də o qədər də pis deyil. Sabah isə 5 sərbəst güləşçimiz çıxış edəcək. Əlbəttə, səhvlər var, amma onların təkrarlanmaması üçün üzərində işləməliyik.

– Bu gün qızıl medal gözləyirsinizmi?
– Təbii ki. Mən bu il həm dünya, həm də Avropa çempionatlarında çıxış etmişəm. Bizim Avropa çempionlarımız var ki, burda da mübarizə aparırlar. Amma onların yarısı sabah çıxış edəcək. Yaxşı nəticə gözləyirdim, amma alınmadı. Yenə də qeyd etmək lazımdır ki, bunlar yeniyetmə güləşçilərdir. Əgər böyüklər olsaydı, bu nəticəni ciddi səhv kimi qiymətləndirmək olardı. Yeniyetmələr isə təcrübəsizdir, çox səhv edirlər və bu da onların yaşı ilə bağlıdır. Mənə elə gəlir ki, onlar bir neçə ilə özlərini tam formalaşdıracaqlar. Bizim də əsas məqsədimiz yeniyetmələrə dəstək olmaqdır. Mən istəyirəm ki, onlar mənim qazandığımdan da daha çox nəticə qazansınlar.

– Gənc güləşçilərə nə tövsiyə edərdiniz?
– İdmançılar çox məşq etməli, idman tərbiyəsinə sahib olmalıdırlar. Öz rejimlərinə mütləq əməl etməlidirlər. Çünki böyük qələbələr asanlıqla qazanılmır, bunun üçün ciddi əziyyət lazımdır. Bəzən yeniyetmələrimiz Avropa və dünya çempionatlarında medal qazanırlar, bu isə onları çaşdıra bilər. Amma o medalları tez unutmaq lazımdır. Çünki, məsələn, mənim titullarım sadalananda yalnız böyüklərdə qazandığım uğurlar xatırlanır, yeniyetmə vaxtı qazandığım medalları heç kim yadına salmır. Ona görə idmançı daim eyni tempdə, ardıcıl şəkildə çalışmalıdır”.

Bahar Rüstəm